воскресенье, 28 июля 2013 г.

ŞEYTANDAN ALLAHA SIĞINMAQ



ŞEYTANDAN ALLAHA SIĞINMAQ 

Şeytan bizim düşmənimizdir. O, düşmənçiliyinin rəmzi kimi namaz qılanlara vəsvəsə verir (onları müxtəlif yollarla namazdan yayındırır). Şeytan çalışır ki, namaz qılanın xuşusu yox olsun və namazı tamamilə unutsun. Hər bir insan zikr, tilavət və başqa bir ibadətlə məşğul olmağa başlayan kimi şeytan dərhal gəlir və ona vəsvəsə verməyə bəşlayır. Belə olduğu halda bir müsəlmanın ən başlıca vəzifəsi məqsədini dəyişməmək, səbr etmək, zikr və namazla məşğul olmaq, şeytana aldanmamaqdır. Əgər o, şeytana müqavimət göstərsə, şeytanın bütün hiylə və fitnə-fəsadları öz-özünə məhv olub gedəcək. Uca və Qadir Allah belə buyurur: «Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!» (Nisa» surəsi, 76). 
Qul qəlbən Allaha yaxınlaşmaq istədiyi anda şeytan özünün saysız-hesabsız vəsvəsələri və fitnə-fəsadları ilə dərhal özünü yetirir. Şeytan yol kəsən quldura bənzəyir, qul Allaha doğru yürüməyə başladığı zaman o quldur dərhal yolun qarşısını kəsir. Bir alimə «Yəhudi və xristianlar özlərində vəsvəsənin olmadığını iddia edirlər» sualı verildiyi zaman o, belə cavab verdi: «Çox düz deyirlər, onsuz da viran olmuş bir evdə şeytan gəlib nə etsin?» 
Buna aid bir misal da belədir. «Üç ev təsəvvür edək. Bunlardan biri içində xəzinələr, qızıl, gümüş və hər cür ləl-cəvahirat olan padşahın evi, digəri isə adi bir insanın evidir. Bu evin içində az da olsa qızıl, gümüş və başqa zinətlər var, lakin padşahın evində olduğu qədər deyil. Üçüncü evdə isə bu saydıqlarımızın demək olar ki, heç biri yoxdur. İndi özünüz fikirləşin. Belə bir şəhərə hər hansı bir oğru girsə, hansı evdən oğurluq etmək istəyər?» 
Qul namaza başladığı zaman şeytan gələrək onun vücuduna girir. Çünki qul çox yüksək və Allaha yaxın bir məqamdadır. Bu da şeytana çox böyük bir əzab verir. Bu səbəbdən şeytan var qüvvəsi ilə namaz qılan insanı namazdan yayındırmağa çalışır. Namazı onun qəlbindən çıxarmaq ona vədlər verir, ümidlərə daldırır, sanki atlı və ya piyadası ilə birlikdə namaz qılan insana hücum edir. Şeytan daha çox namaz qılan insanı öz namazında tənbəlliyə sövq etməyə çalışır. Güman edir ki, bəlkə namaz qılan insan bu yolla bir gün namazını tərk edər. Əgər şeytanın bu əməli də baş tutmayıb namaz qılan insan aldanmasa, o zaman Allahın düşməni ikinci bir yola əl atır. Bu dəfə o, namaz qılan insana yaxınlaşaraq onun fikrini və diqqətini namazdan yayındırıb ona vəsvəsə verməyə çalışır. Bəzi şeyləri ona xatırladır. Hətta çoxdan unutduğu bir çox hadisələri namaz qılarkən ona xatırladır. Beləliklə, şeytan onun qəlbini namazdan, özünü də Allahdan uzaqlaşdırmağa çalışır. Bundan sonra həmin insan görünüşdə namaz qılsa da əslində qəlbən namaz qılmır. Bir insan qəlbən namaza diqqət yetirmədiyi zaman da Allahın lütfündən, şəfqətindən, yaxınlığından və rəhmətindən məhrum olur. Nəticədə isə səhv və günahları ilə necə namaza başladısa, elə həmin səhv və günahlarla da namazı bitirər. Çünki namaz yalnız onu lazımınca yerinə yetirənləri günahlardan qoruyur». 

Şeytanın vəsvəsəsinin çarəsi 

Şeytanın hiyləsinin qarşısını ala bilmək və vəsvəsələrini dəf etmək üçün Rəsulullah salləllahu əleyhi və səlləm aşağıdakı yolları öyrətmişdir. 
Osman İbn Əbil-As radıyallahu anh belə nəql edir: «Mən Peyğəmbər salləllahu əleyhi va səlləmə: «Ey Rəsulullah! Şeytan mənə qıldığım namazda mane olub Quranı unutdurur, bunun çarəsi nədir» deyə sual verdiyim zaman Peyğəmbər salləllahu əleyhi va səlləm belə cavab verdi: 
«Belə şeytana «Xinzəb» deyilir. Bu şeytan sənə yaxınlaşdığı zaman onun hiyləsindən və vəsvəsəsindən xilas olmaq üçün üç dəfə sol tərəfinə tüpür və Allaha sığın». 
İbn Əbil-As: «Mən bunu etdiyim zaman Allah məni şeytanın hiyləsindən qorudu» dedi. Şeytanın hiylə və vəsvəsələrindən xilas olmaq üçün Rəsulullah salləllahu əleyhi və səlləmin öyrətdiyi ikinci yol aşağıdakılardır: 
«Sizlərdən hər hansı biriniz namaz qılmaq üçün ayağa qalxdığı zaman şeytan ona yaxınlaşır. Və şeytan namaz qılan insanı azdırıb yoldan çıxarmağa çalışır, həmin insan da nə qədər qıldığını unudur. Əgər sizlərdən biri bu hala qarşılaşsa, oturan vəziyyətdə iki səcdə etsin».

Комментариев нет:

Отправить комментарий